2026-2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb.
‘‘Tehsil365’’ bildirir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı təqdim edir.
Sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində dekabrın 22-si saat 23:59-a dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2026-cı ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
Məlumat üçün bildiririk ki, təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2024–2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”na əsasən həyata keçirilir.

