İnformasiya təhlükəsizliyi öz ümumi klassik tərifinin çərçivəsindən çıxıb. Əvvəllər informasiya təhlükəsizliyinin 3 əsas prinsipə – məlumatın məxfiliyinin qorunması, tamlığının və əlçatanlığının təmin edilməsinə əsaslandığını düşünürdük. Bu prinsiplər klassik mənada informasiya təhlükəsizliyinin əsas məqsədlərini, vəzifələrini müəyyənləşdirirdi. Lakin son dövrlərdə bu əsas prinsiplərlə yanaşı, informasiyanın məzmunu ilə bağlı məsələlər də diqqət mərkəzinə keçmişdir. İstər audio və video, istərsə də mətn formatında təqdim olunan onlayn resurslar, kontentlər vasitəsilə dövlət, cəmiyyət və fərdlər üçün ciddi kibertəhlükələr yaranır və bu təhdidlərə qarşı kompleks tədbirlərin görülməsi qaçılmazdır.
“Tehsil365“ xəbər verir ki, AZƏRTAC-A istinadən xəbər verir ki, bu barədə Rasim Əliquluyev məlumat verib.
Akademik qeyd edib ki, informasiyanın məzmunu xüsusilə də uşaqlara, dövlətin siyasətinə, ideologiyasına, milli-mənəvi dəyərlərə və insanların psixoloji durumuna böyük təhlükələr yaradır. Buna görə də, informasiya təhlükəsizliyi məlumatların məzmunu vasitəsilə reallaşan çox mürəkkəb, aşkarlanması heç də asan olmayan kibertəhlükələrlə mübarizə aparmaq vəzifəsini də qarşıya qoyur.
“İnformasiya təhlükəsizliyi mexanizmləri və vasitələri ənənəvi olaraq internet mühitində geniş yayılmış kibertəhlükələrə qarşı mübarizə aparır. Lakin əşyaların interneti (IoT) texnologiyalarının meydana çıxması, onların kritik infrastrukturlara, müxtəlif təyinatlı texnoloji sistemlərə inteqrasiyası tamamilə fərqli, yeni problemlər yaradır. Bu texnologiyalar vasitəsilə proseslər təkcə real həyatda deyil, həm də virtual məkanda gedir və nəticədə kiberfiziki reallıq yaranır. Ona görə də hər bir ölkə bu yeni reallıqları nəzərə almalı, IoT əsasında qurulan kritik sistemlərin və infrastrukturların etibarlı fəaliyyətini təmin etməli və ümumiyyətlə, kiberfiziki sistemlərin təhlükəsizliyi və kiberdayanıqlıq problemlərini prioritet istiqamət olaraq müəyyənləşdirməlidir”, - deyə alim bildirib.
R.Əliquliyev əlavə edib ki, digər tərəfdən, süni intellektin yaratdığı imkanlar müəyyən problemlərin həllinə kömək etsə də, kibertəhlükəsizliklə bağlı ciddi narahatlıqlar da yaradır. İnformasiya texnologiyaları, süni intellekt metodları inkişaf etməklə yanaşı, paralel olaraq kibertəhlükələri yaradan texnologiyalar da sürətlə təkmilləşir, intellektuallaşır. Deməli, kibertəhlükələrə qarşı yaradılan müdafiə mexanizmləri və texnologiyaları da gücləndirilməli, daha da təkmilləşdirilməlidir. Bu kimi problemlər alim və mütəxəssislərin qarşısında çox ciddi vəzifələr qoyur, yeni intellektual metod və alqoritmlərin işlənilməsini tələb edir”, - deyə alim bildirib.
Bütün bu hədəflərə çatmaq üçün müasir dövrün tələblərinə cavab verən informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı kadrların hazırlanması olduqca vacibdir. Xüsusilə kibertəhlükəsizlik və kibercinayətkarlıqla mübarizə sahəsində data mühəndisləri, data analitikləri, proqram mühəndisləri, rəqəmsal hüquqşünaslar, rəqəmsal kriminalistlər, kriptoqraflar kimi mütəxəssislərin hazırlanması böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, insanların və ümumiyyətlə, cəmiyyətin kibertəhlükəsizlik mədəniyyətinin formalaşması və yüksəldilməsi istiqamətində ardıcıl və kompleks tədbirlərin həyata keçirilməsi də bu sahədə yaranacaq problemlərin və risklərin azaldılması üçün mühüm rol oynaya bilər.

