Noyabrın 17-də Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Xəzər dənizinin hüquqi statusu və ekoloji problemləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, professor İbrahim Kazımbəyli bildirib ki, 2024-2027-ci illəri əhatə edən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramının icrası” çərçivəsində bu dəyirmi masa təşkil olunub. Professor İ. Kazımbəyli Xəzər dənizinin Azərbaycanın iqtisadi həyatında olduqca mühüm əhəmiyyətini qeyd etməklə yanaşı, onun hüquqi rejiminə də tarixi ekskursiya etmiş olub. Xəzər dənizi və onun sərvətləri uğrunda regional və beynəlxalq aktorların mübarizəsi də İ. Kazımbəyli tərəfindən təhlil edilib.
“Tehsil365” bildirir ki, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi və bunun ekoloji problemlərin həllinə təsirləri” mövzusunda çıxış edərək, Xəzər uğrunda tarixən aparılan mübarizəni qısa şəkildə xronoloji ardıcıllıqla iştirakçıların diqqətinə çatdırdıqdan sonra sahilyanı dövlətlərin, xüsusən də Rusiya və İranın hüquqi statusla bağlı sərgilədiyi mövqeyi təhlil edib. Daha sonra 2018-ci il 12 avqustda Aktau Sammitində Xəzərin yekun hüquqi statusunun müəyyənləşdirilməsi və ekoloji problemlərin həlli istiqamətində görülən işlər haqqında məlumat verib.
Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının dosenti Gülnar Hacıyeva “Xəzər dənizinin ekoloji problemləri” haqqında çıxış edib. O, çıxışında Xəzər dənizinin hazırda ən böyük ekoloji problemlərindən biri olan səviyyə tərəddüdü, onun yaranmasına səbəb olan amillər və yaratdığı ekoloji problemlər barədə ətraflı məlumat verib. Bununla yanaşı, məruzəçi Xəzər dənizinin çirklənməsinə səbəb olan amillər, onu əhatə edən ölkələrin çirklənmədə rolu və yaratdığı ekoloji problemləri geniş şərh edib. Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Tələbələrin sualları məruzəçilər tərəfindən cavablandırılıb.

