Noyabrın 21-də Azərbaycan Dillər Universitetində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
“Tehsil365” bildirir ki, konfransda dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrindən olan alimlər, süni intellekt üzrə mütəxəssislər, müəllimlər, media nümayəndələri və tələbələr iştirak edəcəklər.
Konfransda dilçilik (koqnitiv dilçilik, neyrolinqvistika, korpos dilçiliyi, sosiolinqvistika), tərcüməşünaslıq (maşın tərcüməsi), ədəbiyyatşünaslıq (Ədəbiyyat süni intellekt dövründə), xarici dillərin tədrisi metodikası, psixologiya və fəlsəfə, media tadqiqatları üzrə məruzələr dinləniləcək.
Müasir dünyanın sürətlə dəyişdiyi bir vaxtda həyatın bütün sahələrində olduğu kimi elm və təhsil sahəsində də dəyişiklikləri, yenilikləri və müasir çağırışları görmək olar.
Bu mənada konfrans dəyişən və inkişaf edən dünyanın yeni elmi mənzərəsinin müzakirəsi və təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Dillər Universitetində keçiriləcək “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfransa maraq böyükdür. Dünyanın bir sıra ali təhsil müəssisələrindən konfransda iştirakla bağlı müraciətlər daxil olub.
Konfransın gündəliyinə nəzər saldıqda “Dil və süni intellekt”, “Süni intellekt və tərcümə məsələləri”, “Ədəbiyyat süni intellekt dövründə”, “Xarici dillərin tədrisində süni intellektin rolu”, “Fəlsəfə və psixologiyaya dair tədqiqatlarda süni intellekt problem”, “Süni intellekt və media tədqiqatları” kimi aktual mövzuların müzakirə olunacağını qeyd etmək olar.
Qeyd edək ki, konfransın işçi dilləri: Azərbaycan, İngilis və Rus dillərində olacaq.

