Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Şamaxı, Xankəndi və Sumqayıt şəhərlərində gənclərlə görüş keçirilib.
"Tehsil365” xəbər verir ki, Şamaxı şəhərində keçirilən görüş zamanı Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova və “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxış edərək belə təşəbbüslərin gənclərin media bacarıqlarının inkişafına, informasiya cəmiyyətində onların iştirak imkanlarının genişlənməsinə və milli mətbuat ənənələrinin qorunması və təşviqinə əhəmiyyətli təsir göstərdiyini qeyd ediblər.
Daha sonra Media və kommunikasiya üzrə beynəlxalq ekspert Tiffany J. Bell təlim zamanı süni intellektin yalan və manipulyativ məzmun yaratma imkanlarının informasiya təhlükəsizliyinə yeni çağırışlar formalaşdırdığını və gənclərin ayırdetmə bacarıqları ilə məlumatların etibarlılığını yoxlama vərdişlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qarabağ Universitetində keçirilən növbəti görüşdə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı, “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxış edərək belə tədbirlərin gənclərin media savadlılığının artırılmasına, informasiya cəmiyyətində fəallıqlarının yüksəlməsinə və milli mətbuat ənənələrinin təbliğinə mühüm töhfə verdiyini qeyd ediblər. “Mədəniyyət” Televiziyasının direktoru Dilarə Səlim media tarixindən, medianın əsas prinsiplərindən və əsas terminlərdən bəhs edərək iştirakçılara etibarlı məlumat mənbələrinin seçilməsi ilə bağlı praktik məsləhətlər verib.
Sumqayıt Dövlət Universitetindəki görüşdə isə Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov iştirakçıları salamlayaraq “Əkinçi” qəzetinin yeni ziyalı nəslin formalaşmasında və təhsilin inkişafında oynadığı rolu, həmçinin müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin senzuranın ləğvi ilə media mühitinə verdiyi təkan və Prezident İlham Əliyevin medianın inkişafına göstərdiyi davamlı dəstəyi vurğulayıb.
Medianın İnkişafı Agentliyinin Media Dəstək Layihələri və Strateji Planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Bəxtiyar Əliyev çıxışlarında qeyd ediblər ki, media savadlılığının təşviqi günün çağırışlarından biri olmaqla yanaşı, gənclərin informasiya mühitində düzgün mövqe formalaşdırmasına, eləcə də sağlam informasiya davranışlarının təşviqinə əhəmiyyətli təsir göstərir.
Media Təhlil Mərkəzinin nümayəndəsi, araşdırmaçı jurnalist Yunis Orucov isə çıxışında Azərbaycan gəncliyinin Vətən müharibəsi dönəmində nümayiş etdirdiyi birlik və iradəni xatırladaraq araşdırma jurnalistikasının əsas prinsipləri olan obyektivlik, faktlara söykənmə və mənbələrin etibarlılığının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, iştirakçıların suallarını cavablandırıb.

