Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisinin müxtəlif məkanlarda nümayişi davam edir.
“Tehsil365” xəbər verir ki, “Paşa Holding”in dəstəyi ilə keçirilən sərgi bu gündən “Crescent Mall” ticarət mərkəzində nümayiş olunur.
Ümumilikdə 19 fotodan ibarət olan və ticarət mərkəzinin üçüncü mərtəbəsində təşkil olunan sərgi noyabrın 28-nə qədər davam edəcək.
Qeyd edək ki, britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında müxtəlif məkanlarda təşkil olunan sərginin məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri ilə bağlı həm ölkə ictimaiyyətini, həm də ölkəmizə gələn xarici qonaqları məlumatlandırmaq, gündən-günə dirçələn və inkişaf edən Qarabağın yeni simasını fotoşəkillər vasitəsilə əyani şəkildə nümayiş etdirməkdir.
İşğaldan azad edilmiş ərazilərdə çəkilmiş fotoşəkillərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası, tarixi-mədəni irsin bərpası və sosial infrastrukturun inkişafı öz əksini tapıb. Eyni zamanda, sərgidə Qarabağın zəngin təbiəti, nadir flora-faunası da xüsusi yer tutur.
Nəzərinizə çatdıraq ki, analoji sərgi bundan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda və “Dəniz Mall” ticarət mərkəzində nümayiş olunub. Yaxın zamanlarda sərginin digər məkanlarda da nümayiş etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, britaniyalı yazıçı Qrem Vilsonun müəllifi olduğu “Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” kitabının tezliklə təqdimatı keçiriləcək.

