Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayon (şəhər) komitələri arasında 2025–2027-ci illəri əhatə edən Kollektiv Müqavilə imzalanıb.
“Tehsil365” Lənkəran-Astara Regional Təhsil İdarəsinin məlumatına əsasən xəbər verir ki, görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşavir-katibi Əlisa Qurbanov və rayon-şəhər komitələrinin sədrləri iştirak ediblər.
Tədbirdə Bəhruz Mehdiyev Həmkarlar İttifaqının təhsil işçilərinin hüquqlarının müdafiəsi və sosial rifahının yaxşılaşdırılması sahəsində fəaliyyətini yüksək qiymətləndirib və nümayəndələrə uğurlar arzulayıb.
Həmkarlar İttifaqının nümayəndəsi Əlisa Qurbanov çıxışında kollektiv müqavilələrin əmək münasibətlərinin tənzimlənməsi, təhsil işçilərinin sosial-iqtisadi maraqlarının qorunması və sağlam iş mühitinin yaradılmasında mühüm rol oynadığını vurğulayıb.
Görüş zamanı müqavilənin əsas müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial və iqtisadi hüquqlarının qorunması, əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin təmin edilməsi məsələlərinə diqqət yetirilib.

