Azərbaycan Dillər Universitetində (ADU) Özbəkistanın Cahan Dillər Universitetinin Psixologiya və Pedaqogika kafedrasının müdiri, professor Dusmurod Djuraev ilə görüş keçirilib. Görüşdə ADU-nun Strateji İnkişaf və Planlama Şöbəsinin müdiri Röya Əliyeva, Keyfiyyət təminatı və monitorinq şöbəsinin müdiri Fatma Qurbanzadə və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Şəfaqət Kazımova iştirak ediblər.
“Tehsil365” bildirir ki, tərəflər iki universitet arasında mövcud əlaqələri nəzərdən keçirib və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı prioritet istiqamətləri müzakirə ediblər. Xüsusilə strateji idarəetmə, tədris keyfiyyəti, beynəlxalq əlaqələr və psixologiya-pedaqogika sahəsində qarşılıqlı təşəbbüslər diqqət mərkəzində olub.
Professor Dusmurod Djuraev ADU ilə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib: “Azərbaycan Dillər Universiteti ilə qurduğumuz tərəfdaşlıq bizim üçün böyük əhəmiyyət daşıyır, bu tərəfdaşlıq bizim üçün önəmli elmi və mədəni əməkdaşlıq platformasıdır. Hazırda universitetimizdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi bu əlaqələrin bariz nümunəsidir. İnanırıq ki qarşıdakı illərdə birgə layihələrimiz daha da çoxalacaq.”
ADU-nun Strateji İnkişaf və Planlama Şöbəsinin müdiri Röya Əliyeva vurğulayıb: “Cahan Dillər Universiteti ilə münasibətlərimiz strateji, keyfiyyət yönümlü və beynəlxalq istiqamətli əməkdaşlıq xəttinə əsaslanır. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti münasibətlərimizin institusional səviyyədə dərinləşməsinə xüsusi töhfə verir.”
ADU-nun Keyfiyyət təminatı və monitorinq şöbəsinin müdiri Fatma Qurbanzadə isə əlavə edib: “Hər iki universitetdə keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq bizim üçün böyük əhəmiyyət daşıyır. Təcrübə mübadiləsi, birgə təlimlər və metodoloji əməkdaşlıq əlaqələrimizin daha effektiv şəkildə inkişafına xidmət edəcək.”
Görüş zamanı tərəflər psixologiya və pedaqogika sahəsində birgə tədqiqatların təşkili, təlim və seminarların keçirilməsi, strateji planlama və keyfiyyət təminatı üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, eləcə də beynəlxalq layihələrdə ortaq iştirak imkanlarını araşdırmaq barədə razılığa gəliblər.
Sonda universitetlər arasında uzunmüddətli, məqsədyönlü və davamlı tərəfdaşlığın inkişafı üçün yeni əməkdaşlıq formatlarının hazırlanmasının vacibliyi vurğulanıb.

