Azərbaycan dilinin saflığını qorumaq sadəcə bir vəzifə deyil, həm də milli kimliyimizin əsasını təşkil edir. Millətin millət olması üçün onun dili olmalıdır. Dilin yaşaması isə həmin dildə düzgün, aydın və məzmunlu danışmağı bacaran cəmiyyətlə mümkündür. Ana dilində təmiz, səlis və mənalı danışmaq özünü azərbaycanlı hesab edən hər bir insanın borcudur.
“Tehsil365” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Əməkdar artist Azad Şükürov bildirib.
Onun sözlərinə görə, dilin saflığının qorunması keçmişimizin, mədəniyyətimizin, milli qürurumuzun, dövlətçiliyimizin və kimliyimizin qorunması deməkdir.
Azad Şükürov bildirib ki, nitq mədəniyyəti ilə bağlı həllini gözləyən bir sıra problemlər mövcuddur, bu istiqamətdə sistemli və ciddi işlərin aparılmasına ehtiyac var.
O qeyd edib ki, ilk növbədə, orta məktəblərdə Azərbaycan dilinin orfoepiya qaydalarının öyrədilməsi gücləndirilməli, şagirdlərdə fikrini aydın ifadə etmək bacarığı erkən dövrdən formalaşdırılmalıdır. Bu sahədə yeni, müasir tədris metodlarının tətbiq edilməsi vacibdir.
“Ali və orta ixtisas təhsili mərhələlərində də hər bir mütəxəssisin nitq keyfiyyətlərinin inkişafına xüsusi diqqət yetirilməlidir. Çünki ətrafımızda peşəsindən asılı olmayaraq — mühəndis, həkim, alim, sürücü, dövlət xadimi və ya siyasətçi aydın və səlis danışan çoxlu insan var. Şəxsin təmiz və mənalı danışması onun ziyalılıq səviyyəsinin, vətəninə və mənəvi köklərinə göstərdiyi hörmətin göstəricisidir”, - deyə o əlavə edib.
Əməkdar artist qeyd edib ki, radio və televiziya əməkdaşları, teatr və kino xadimləri, konsert müəssisələrində çalışanlar, ümumilikdə mədəniyyət sahəsinin nümayəndələri bu məsələyə xüsusilə ciddi yanaşmalıdırlar.

