Biz nəinki dilimizin saflığını, ilk növbədə onun özünü qorumalıyıq. Çünki son illərdə, xüsusilə müstəqillik əldə edildikdən sonra Azərbaycan dili tədricən ciddi risklərlə üz-üzə qalıb. Bu, həm bizdən asılı olan, həm də bizdən kənar amillərin təsiri ilə formalaşan bir prosesdir.
“Tehsil365” bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Elşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, dünya dəyişdikcə dil də dəyişir, texnologiyaların inkişafı ilə birlikdə yeni terminlər dilə daxil olur ki, bu, təbii prosesdir. Lakin bununla yanaşı, dilin daxili quruluşunda da müəyyən dəyişikliklərin baş verməsi narahatlıq doğurur: “İnformasiya bolluğu, nəzarətin kifayət qədər güclü olmaması və digər səbəblər dilimizdə qarışıqlıq yaradıb. Biz dilə də elə yanaşmalıyıq ki, necə dövlətimizi və xalqımızı qoruyuruqsa, onu da eyni diqqətlə qorumalıyıq. Dil bizim üçün Vətən qədər əhəmiyyətli, dövlətçilik qədər vacib bir anlayışdır”.
Elşən Rüstəmov bildirib ki, Azərbaycan dilinin bütün xüsusiyyətləri dublyaj sahəsində aydın görünür: “Dublyajın əsası tərcümədir. Tərcümə zəif olanda qulaq yoran sözlər və tamaşaçını narahat edən cümlələr ortaya çıxır, bu isə ümumi səviyyəni aşağı salır. Təəssüf ki, tərcümələrin böyük əksəriyyəti - təxminən 90 faizi ciddi redaktəyə ehtiyac duyur. Biz çalışırıq ki, bu çatışmazlıqlar efirdə hiss olunmasın, amma mövcud problemlər hələ də qalır”.
Elşən Rüstəmov media qurumlarının, xüsusilə televiziya kanallarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “Xəbər aparıcıları rəsmi danışıq üslubuna ciddi əməl etməlidirlər. Buna baxmayaraq, efirdə tez-tez “bizlə”, “sizlə”, “mənlə”, “sənlə” kimi danışıq dili formalarına rast gəlirik. Halbuki rəsmi nitqdə “bizimlə”, “sizinlə”, “mənimlə”, “səninlə” işlənməlidir”.
O hesab edir ki, televiziya aparıcılarının nitqinin normallaşdırılması üçün proses kökündən yenidən qurulmalı və bu sahəyə yalnız peşəkar mütəxəssislər cəlb edilməlidir: “Bu proses fundamental şəkildə yenilənməli, ciddi yanaşma tətbiq olunmalı və işin məsuliyyətini peşəkarlar üzərinə götürməlidir”.

