“AİAZ” Film Festivalı Qafqazın və regionun ilk süni intellekt əsaslı film festivalıdır. Kino ilə texnologiyanın unikal sintezini təqdim edən bu platforma yaradıcı şəxsləri və innovativ texnologiyaları bir araya gətirərək gələcəyin kino təcrübələrini nümayiş etdirir. İnanıram ki, 5 il sonra A kateqoriyalı film festivallarına süni intellekt kateqoriyası əlavə ediləndə əsas mükafatı azərbaycanlı rejissor qazanacaq. Ölkədə bu istiqamətə maraq həddindən artıq çoxdur. Digər ölkələrlə müqayisədə bizim süni intellekt tərtibatçılarının işləri seçilir və zövqlə tərtib olunduğu görünür.
“Tehsil365” bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında “AİAZ” Film Festivalının təsisçisi Murad Şükürlü deyib.
O bildirib ki, yeni formalaşmağa başlayan bu sahəyə tez adaptasiya olunsa, dünya üzrə ən yaxşı mütəxəssisləri yetişdirmək mümkündür: “Düşünürəm ki, “AİAZ” Film Festivalı bu işdə lokomotiv rolunu oynayaraq marağı olan şəxsləri yönləndirməkdə dəstək olacaq. Festival iştirakçıları həm digər ölkələrdən gələn işlərlə tanış oldular, həm də yerli müəlliflərin istifadə etdiyi üsul və texnikalar barədə məlumatlanaraq təcrübə mübadiləsi apardılar”.

