Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurası və partiyanın Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə Zərifə Quliyevanın “Xarüqələr yaradan qətiyyətli Lider” kitabının təqdimatı keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, gül dəstələri düzülüb. Tədbirdə Heydər Əliyevin və şəhidlərin xatirəsi anılıb, Dövlət Himni səsləndirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxışlarında Prezident İlham Əliyevin Ulu Öndərin ideyalarını uğurla davam etdirərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini vurğulayıblar. Kitabda da bu məqamların əhatəli təsviri qeyd olunub.
Kitabın redaktoru Əliqismət Bədəlov bildirib ki, əsərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər və yeni reallıqlar faktlarla təqdim olunur, dövlətçilik dayaqlarının möhkəmləndirilməsi xüsusi vurğulanır.
Rəna Mirzəzadə, Sayman Aruz, Afiqə Batıyeva, Adilə Abasova, Zaur Hüseynov, Tahir Quliyev və Tubuxanım Qasımzadə kitabın əhəmiyyətindən bəhs edərək onun Azərbaycanı Zəfərə aparan yolu siyasi və fəlsəfi aspektdən şərh etdiyini bildiriblər.
Müəllif Zərifə Quliyeva tədbir iştirakçılarına təşəkkür edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi tarixi nailiyyətlərdən danışıb və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin bu uğurların davamı olduğunu qeyd edib.

