Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmraninin sədrliyi ilə iGeo - Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlıq dərslərinin hibrid formatda açılış tədbiri keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Z.İmrani Coğrafiya İnstitutu ilə Azərbaycan Coğrafiya Cəmiyyətinin “iGeo Azerbaijan Team” komandası üzvlərinə həmişə dəstək olduqlarını, şagirdlərin beynəlxalq olimpiadalarda iştirakına böyük önəm verdiklərini diqqətə çatdırıb.
Layihə rəhbəri, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin qalibi olan Yaşar Seyidəliyev təqdimatla çıxış edərək iGeo-eGeo olimpiadaları, qrant müsabiqələrinin qalibləri və bu il Tailandda keçirilən IX Qrant müsabiqəsi, şagirdlərimizin orada iştirakı haqqında məlumat verib. Bildirilib ki, BMT nəzdində fəaliyyət göstərən Beynəlxalq Coğrafiya Birliyinin (IGU) təşkil etdiyi Beynəlxalq Coğrafiya Olimpiadası məktəblilər arasında ən yüksək müsabiqədir və hər ilin avqust ayında keçirilir. Milli coğrafiya müsabiqəsinin ən yaxşısı adını alan və 16-19 yaşarası olan gənclər müsabiqədə iştirak etmək hüququ qazanırlar.
İnstitutun şöbə müdirləri – coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov, Habil Haqverdiyev, professor Rza Mahmudov, Çingiz Gülalıyev və başqaları çıxışlarında Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlaşan şagirdlərə hər cür dəstək olacaqlarını bildiriblər.

