Azərbaycanın görkəmli yeseninşünas alimi, eyni zamanda Rusiyada da yaxşı tanınan filologiya elmləri doktoru, Beynəlxalq Yesenin mükafatları laureatı, Xəzər Universitetinin prorektoru Prof. İsaxan İsaxanlının “Азербайджанский поэтический венок Сергею Есенину” (“Serqey Yeseninə Azərbaycan şeir çələngi”) adlı yeni kitabı Xəzər Universitetinin Nəşriyyatında çapdan çıxmışdır.
“Tehsil365” xəbər verir ki , həm məzmununa, həm də tərtibinə görə ilk baxışdan tam orijinal əsər təsiri bağışlayan kitab illər ərzində böyük rus şairinin həyat və yaradıcılığının tədqiqatı ilə məşğul olaraq, filologiya elmləri doktoru elmi dərəcəsi alan və yeseninşünaslığa aid çoxlu dəyərli kitablar çap etdirən alimin mövzuya yeni sanballı töhfəsidir.
344 səhifəlik kitabın tərtibçisi və redaktoru olan İ. İsaxanlı həm də “Сергей Есенин в стихотворениях” (“Serqey Yesenin şeirlərdə”) adlı ön sözün müəllifidir. Onun Yeseninə həsr etdiyi 10 şeirin rus dilinə tərcüməsi də kitabda yer almışdır.
Kitabda Azərbaycan ədəbiyyatında Yeseninə həsr olunmuş ilk şeir – Əli Nazimin “Serqey Yesenin” adlı şeiri kirill və ərəb əlifbaları ilə verilmişdir.
Kitabda gərgin axtarışların nəticəsi olaraq, Yeseninə həsr olunmuş şeirlərin zəngin biblioqrafiyası təqdim olunmuşdur. Biblioqrafiyada .Azərbaycan müəlliflərinin Azərbaycan dilində yazdıqları 42 şeir, rus dilində qələmə aldıqları 69 şeir, Azərbaycan dilindən rus dilinə çevrilmiş 42 şeir və iki Rusiya müəlliflinin Yeseninə həsr olunmuş şeirlərinin rus dilində və Azərbaycan dilinə tərcümələri haqqında məlumatlar yer almışdır.
Kitaba İsaxan İsaxanlının öz şəxsi kitabxanasında Yesenin guşəsi önündə və müxtəlif vaxtlarda Moskva, Ryazan şəhəri və Ryazan vilayətinin Konstantinovo kəndində, həmçinin Mərdəkanda şairin adı ilə bağlı olan məkanlarda çəkdirdiyi (tək və qrup halında) fotoşəkillər daxil edilmişdir.
Kitabın korrektoru Afaq Şıxlı, rəssamı Mehdi Samadi, kompüter dizaynçısı Nərminə Qasımovadır.

