Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “QS Sustainability 2026” beynəlxalq reytinqində ölkənin lider ali məktəbi elan olunub. Bu nəticələr universitetin dayanıqlı inkişaf sahəsində sistemli fəaliyyətinin növbəti dəfə yüksək qiymətləndirildiyini göstərir.
“Tehsil365” xəbər verir ki , bu barədə AzMİU-dan bildirilib. Reytinqin nəticələrinə əsasən, AzMİU “Ətraf mühit təsiri” və “Sosial təsir” kateqoriyalarında Azərbaycan üzrə lider mövqe əldə edib. Bu göstəricilər universitetin ekologiya, resurs idarəetməsi, sosial məsuliyyət, inkluzivlik və ictimai fayda yönümlü layihələrdə ardıcıl fəaliyyətinin real nəticəsidir.
Azərbaycanın aparıcı mühəndislik və memarlıq ali təhsil müəssisəsi kimi AzMİU son illər dayanıqlılıq strategiyasını gücləndirməklə həm tədris və tədqiqat prosesində, həm də institusional idarəetmədə beynəlxalq standartlara uyğun modern yanaşmaları tətbiq edir. “QS Sustainability” reytinqində əldə olunan nailiyyətlər bu səylərin qlobal miqyasda tanınmasının göstəricisi kimi dəyərləndirilir.

