Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk xalqlarının yaxınlaşmasında mühüm mərhələyə çevrilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı hazırlıq işlərini fəal şəkildə davam etdirir.
“Tehsil365” xəbər verir ki , bu barədə AZƏRTAC-ın müxbirinə TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib.
Onun sözlərinə görə, yubiley münasibətilə hazırlanan tədbirlər proqramı Türk Dövlətləri Təşkilatı da daxil olmaqla türk dövlətlərinin müxtəlif strukturlarının birgə səyləri ilə həyata keçiriləcək.
“Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk dillərinin və kimliyinin qorunması səylərində mühüm tarixi rol oynayıb”, - deyən Raev qeyd edib ki, TÜRKSOY-un təşəbbüsü ilə 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq forumun keçirilməsi planlaşdırılır.
TÜRKSOY-un Baş katibi türk dilçiliyinin inkişafının və ortaq türk əlifbasının qəbul edilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu, türk xalqlarının irsinin təbliğinə güclü təkan olacaq.

