“Müəllimlər şagirdlərə, məktəbə və dərsə daha çox vaxt və diqqət ayıracaqlar"
“Tehsil365” xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, hazırda müəllimlərin əməkhaqları saathesabı ilə müəyyən edilir, yəni onların maaşı dərs saatlarına görə hesablanır: “İndi isə yeni bir sistem üzərində işlənilir və bu sistemin digər iş yerlərində tətbiq olunduğu kimi, artıq məktəblərimizdə də tətbiq olunması nəzərdə tutulur. Burada əsas hədəf və məqsəd müəllimlərin əməkhaqlarının hesablanmasına töhfə vermək və onların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqdır. Fikrimcə, bu sistem tətbiq edildikdən sonra müəllimlərin şagirdlərə, məktəbə və dərsə daha çox vaxt və diqqət ayıracaqlar. Müəllimlər yalnız müəyyən dərs saatlarına əsasən dərslərdə fəaliyyət göstərirdilər. Qalan vaxt isə sərbəst idilər.
Məktəbin işi sadəcə bu dərs saatlarını keçirməklə məhdudlaşırdı. Yeni sistemdə isə həm müəllimlərin, həm də şagirdlərin fəaliyyəti daha geniş şəkildə qiymətləndiriləcək. Bu onların məktəbdə necə iştirak etdiyini, dərsə və təlim prosesinə yanaşmasını da əhatə edəcək.
Düşünürəm ki, bu dəyişikliklər prosesi daha səmərəli edəcək. Müəllimlərin maaşları da yeni meyarlar əsasında hesablanacaq və bu, onların əməkhaqlarında artıma səbəb olacaq”.
O qeyd edib ki, eyni zamanda, yeni sistemin tətbiqi nəticəsində müəllimlərin şagirdlərə daha çox vaxt və diqqət ayırdığına, onların tərbiyəsi ilə daha yaxından məşğul olduğuna da şahid olacağıq: “Ümid edirəm ki, bu addımlar nəticə verəcək və biz elə bir mexanizm formalaşdıra biləcəyik ki, həm müəllimləri motivasiyalı etsin, həm də onların məktəbə və tədris prosesinə daha çox vaxt ayırmasını təmin etsin. Əgər bu yeni yanaşma gözlədiyimiz nəticəni verməzsə, o zaman bu, müəllimlərin ümumi fəaliyyətinə istədiyimiz formada təsir göstərməyə bilər. Hətta müəyyən mənada müəllimlərin məktəbdən uzaqlaşmasına da səbəb ola bilər. Bu baxımdan düşünürəm ki, bu məsələni daim diqqət mərkəzində saxlamalıyıq.
Məsələn, bu gün müəllimlərimizin xeyli hissəsi repetitorluqla məşğuldur. Onların bir qismi hesab edər ki, məktəbdə işləməkdənsə, ev şəraitində fərdi dərslər keçərək 10-20 şagirddən daha çox gəlir əldə edə bilərlər. Buna görə də bu istiqamətdə yeni addımlar atırıqsa, bu məqamı da mütləq nəzərə almalıyıq. Belə ki, atılan hər bir addım ümumi təhsil sisteminə, onun nüfuzuna və keyfiyyətinə müsbət təsir göstərməlidir”.
“Yeni sistem müəllimlərin motivasiyasını artırmalı, onların fəaliyyətini düzgün qiymətləndirməlidir”
Onun sözlərinə görə, yeni sistemin detallarının tam açıqlanması vacibdir: hansı meyarlarla maaş hesablanacaq, dərsdən əlavə hansı vəzifələr nəzərə alınacaq və əlavə öhdəliklər necə qiymətləndiriləcək: “Məsələn, eyni dərs saatına malik iki müəllimdən biri yalnız dərs keçirsə, digəri isə saatlar ərzində məktəbdə əlavə vəzifələr yerinə yetirirsə, onların əməkhaqlarında fərq olmalıdır. Yaxud hansısa müəllimin 10 saat dərsi və bunlardan əlavə onun başqa öhdəlikləri də var. Onun əsasında da maaşını alır. Amma 10 saat dərs deyən başqa bir öhdəliyi olmayan digər müəllimlə eyni maaş olarsa, bu müəllimlərdə müəyyən narazılıqlar yaradacaq. Bu məsələləri ciddi və şəffaf şəkildə düşünməli, müəllimlərin motivasiyasını və təhsil sistemimizin keyfiyyətini qoruyacaq mexanizmlər yaratmalıyıq. Əslində, bizim əsas məqsədimiz elə bir mexanizm və elə bir sistem formalaşdırmaq olmalıdır ki, bu, ən azı əvvəlki sistem qədər ədalətli olsun.
Bildiyimiz kimi, əvvəlki sistemdə müəllimlərin maaşı hər dərs saatına görə hesablanırdı. İndi bu sistemi dəyişiriksə, həmin prinsipi yəni ədalət prinsipini mütləq qorumaq lazımdır. Yeni sistem müəllimlərin motivasiyasını artırmalı, onların fəaliyyətini düzgün qiymətləndirməli və əməkhaqqını real iş yükünə uyğun müəyyənləşdirməlidir. Əks halda, bu dəyişikliklər gözlənilən nəticəni verməz. Ədalətli, şəffaf və motivasiyaedici mexanizm formalaşdırmaq həm müəllimlərimizin peşəkar inkişafı, həm də ümumilikdə təhsilimizin keyfiyyəti üçün əsas şərtdir. Buna görə də yeni sistemin qurulmasında əsas məqsədimiz elə olmalıdır ki, müəllimlər məktəbdə işləməklə həm maddi, həm də mənəvi baxımdan daha çox qazanc əldə etsin və məmnunluq hiss etsinlər”.

