Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib.
“Tehsil365” xəbər verir ki,mərkəzin rəhbərliyinin iştirakı ilə ayda bir dəfə olmaqla aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.
Növbəti görüş 5 dekabr saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “Buraxılış və qəbul imtahanlarında ətraflı həll və ya cavab yazılması tələb olunan tapşırıqların yoxlanılması prosesi” mövzusuna həsr olunacaq.
Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək mövzu ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.

