"Microsoft" şirkəti "Windows 11" əməliyyat sistemində yeni eksperimental funksiya haqqında rəsmi məlumat açıqlayıb və xəbərdarlıq edib ki, istifadəçi tapşırıqlarını müstəqil yerinə yetirə bilən agent süni intellekt (Sİ) modullarının tətbiqini nəzərdə tutan bu funksiya nəticəsində virus yüklənə bilər.
“Tehsil365” xəbər verir ki, bu barədə məlumatı "Windows Central" yayıb.
"Microsoft"un xəbərdarlığına görə, funksiyanın aktivləşdirilməsi yalnız potensial riskləri anlayan istifadəçilər tərəfindən həyata keçirilməlidir. Standart olaraq, Sİ agent modulları söndürülüb. İşə salınandan sonra sistem Sİ agentləri üçün ayrıca lokal hesablar yaradır. Bunlar təcrid olunmuş mühitdə işləsə də, əsas istifadəçi kataloqlarına, o cümlədən "Documents", "Downloads" və "Desktop"a giriş əldə edir. Bu cür giriş səviyyəsi tətbiqlərdə əməliyyatların icrası və fayl sistemi ilə qarşılıqlı əlaqə üçün vacibdir.
"Microsoft" vurğulayır ki, belə agentlərin peyda olması yeni təhdid vektorları formalaşdırır. Bunlar arasında "cross-prompt injection" adlanan vəziyyət mövcuddur: interfeysdə və ya açılan sənədlərdə zərərli kontent Sİ agentinin təlimatlarını dəyişdirə və nəticədə istifadəçinin xəbəri olmadan arzuolunmaz və ya zərərli proqram təminatının yüklənməsinə gətirib çıxara bilər.
Şirkətdən bildiriblər ki, Sİ modullarının işinin şəffaflığına xüsusi diqqət yetirir: agentlərin fəaliyyəti məcburi şəkildə jurnalda qeyd edilir və kritik olan bütün əməliyyatların istifadəçi tərəfindən təsdiqi nəzərdə tutulur. Sİ agent modullarını dəstəkləyən "Windows 11"in ilk sınaq versiyaları artıq "Windows Insider"in testerlərinə əlçatandır.

