Azərbaycan Dillər Universitetində (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi (EKİXM) və Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə “Doktorantlara və magistrantlara verilən tələblər (elmi məqalə və tezislərin təqdimatı)” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirin məqsədi doktorantların elmi fəaliyyətinin düzgün qurulması, beynəlxalq elmi platformalara inteqrasiya olunması, elmi məqalələrin yazılması və indeksləşən bazalara düzgün şəkildə təqdim edilməsinə dəstək göstərmək olub.
“Tehsil365” xəbər verir ki, seminarın açılışında ADU EKİXM-nin direktoru Cəmilə Əliyeva çıxış edərək universitetdə elmi fəaliyyətin inkişafı, doktorantların informasiya təminatı, elmi resurslardan istifadə imkanları və kitabxananın bu sahədə rolu barədə məlumat verib. O, elmi tədqiqatda keyfiyyətin artırılması, mənbələrin düzgün seçilməsi, beynəlxalq standartlara uyğun yazı mədəniyyətinin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra seminarın əsas məruzəçisi, ADU EKİXM-nin əməkdaşıdos., Pərviz Kazımi geniş və ətraflı təqdimatla çıxış edib. O, doktorantlar üçün elmi fəaliyyətin mərhələlərini, elmi məqalə və tezisin strukturu, yazı etikası, istinad qaydaları, plagiatın qarşısının alınması və elmi nəticələrin düzgün şəkildə təqdim edilməsi barədə ətraflı danışıb.
Məruzədə həmçinin beynəlxalq indeksləşən məlumat bazaları — Scopus, Web of Science, Clarivate, Elsevier, Springer, ERIH PLUS, ULAKBİM, Index Copernicus və digər platformalar haqqında ətraflı izahat verilib. Pərviz Kazımi bu bazalarda dərc olunma tələbləri, jurnal seçim kriteriyaları, saxta jurnalların tanınma yollarını, eləcə də elmi nüfuz göstəricilərinin hesablanması prinsipləri haqqında məlumat verib.
Daha sonra ADU-nun Elmi işlər üzrə prorektoru prof. Həmidə Əliyeva çıxış edərək tədbirin aktuallığını yüksək qiymətləndirib. O qeyd edib ki, doktorantların elmi fəaliyyət prosesində peşəkar yanaşma, düzgün istiqamətləndirmə və beynəlxalq standartlara uyğun tədqiqat aparmaq mühüm şərtdir.
Seminarın sonunda universitetin müəllimləri, magistrant və doktorantları elmi fəaliyyətlə bağlı suallarını ünvanladılar, praktiki məsələlər ətrafında müzakirələr aparıldı və məruzəçi tərəfindən bütün suallara detallı cavab verilib.
Qeyd edək ki, tədbir doktorantların elmi fəaliyyətə daha sistemli və dünya elmi standartlarına uyğun yanaşmasının formalaşdırılmasına xidmət etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

