Hər bir dil tarixi inkişafının bütün mərhələlərində mühafizəyə və qorunmağa ehtiyac duyur. Bunun əsas səbəbi dünyada müxtəlif mədəniyyətlərin və dillərin mövcudluğu, onların qarşılıqlı təsirinin isə daim davam etməsidir. Bu təsirlər isə iki əsas formada özünü göstərir.
“Tehsil365” bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib.
Akademikin sözlərinə görə, birinci təsir növü beynəlxalq xarakter daşıyan və ya müəyyən regionda ümumi ünsiyyət dili kimi çıxış edən mədəni dillərin təsiridir. Bu dillərdən digər dillərə terminlər, ifadə vasitələri keçir və bu proses, əsasən müsbət hal kimi qiymətləndirilir. Lakin bu təsir müəyyən həddi aşarsa, dilin daxili sisteminə dağıdıcı təsir göstərə bilər.
İkinci halda isə dil bütövlükdə təsir altına düşür: əvvəlcə öz söz ehtiyatını itirir, daha sonra qrammatik imkanları zəifləyir və nəticədə həmin dil tədricən yoxa çıxa bilər.
“Ən dağıdıcı təsirlər daha çox siyasi xarakter daşıyır. Məsələn, uzun müddət Azərbaycan dili və ümumilikdə türk dillərinin böyük bir qismi rus dilinin siyasi təsirinə məruz qalıb. Bu, imperiya siyasətinin nəticəsi idi: insanlar tədricən ana dilində təhsildən məhrum olur, digər dildə təhsil almağa məcbur qalırdı. Sovet dövründə rus dilinin dövlət idarəçiliyində aparıcı mövqedə olması səbəbindən hər kəs bu dili öyrənməyə meylləndirilirdi. Nəticədə ana dili məişət səviyyəsinə qədər endirilirdi”, - deyə o qeyd edib.
Nizami Cəfərov buna görə dilin saflığının hər dövrdə qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yad ünsürlərin dilə ölçüsüz şəkildə daxil olması, xüsusilə də sürətli və nəzarətsiz axın təhlükə yaradır və dilin daxili balansını pozur.
Akademik qeyd edib ki, dilçilik və ədəbiyyatşünaslıq sahəsində çalışan bir mütəxəssis üçün Azərbaycan dili, türk dilləri və beynəlxalq terminologiya eyni dərəcədə əhəmiyyət daşıyır. Çünki dil haqqında elmi müzakirələrdə terminologiya təkcə Azərbaycan və ya türk dilləri ilə məhdudlaşmır və çox zaman beynəlxalq terminlərdən istifadə zəruri olur.
“Azərbaycan intellektual mühiti isə özlüyündə paralleliklərin çox olduğu məkandır. Uzun müddət terminologiyamıza ərəb dilinin təsir göstərməsi nəticəsində bir çox sözlər ərəb mənşəlidir, biz onları mənimsəmişik və bu, artıq problem yaratmır. Lakin paralel olaraq beynəlxalq terminlər də dilimizə daxil olur. Məsələn, bir vaxtlar “darül-fünun” ifadəsi işlədilirdisə, bu gün “universitet” deyirik; “mədəniyyət” sözü ilə yanaşı “sivilizasiya”, “kultura”, “kulturologiya” kimi anlayışlardan də istifadə olunur”, - deyə Nizami Cəfərov əlavə edib.
Akademik bildirib ki, hazırda dilimizdə Şərq–Qərb terminoloji paralelliyi xüsusilə güclüdür. Qərb terminləri beynəlxalq nüfuzuna görə daha geniş yayılır: “Bununla belə, mən hesab edirəm ki, terminologiyada əsrlərdir dilimizdə mövcud olan və xalq tərəfindən qəbul edilmiş sözlərə üstünlük verilməlidir. Çünki bu sözlər bizim tarixi yaddaşımızın və mədəni kimliyimizin bir hissəsidir. Ölkə başçısının də dediyi kimi, beynəlxalq terminlərdən imtina etmək mümkün deyil — müasir elmi və fəlsəfi anlayışların böyük qismi məhz həmin terminlərlə daha dəqiq ifadə olunur”.
Nizami Cəfərovun fikrincə, dilin qorunması məsələsi balans tələb edir: bir tərəfdən, ana dilimizin özünəməxsus və əsrlərlə formalaşmış terminləri qorunub saxlanmalı, digər tərəfdən isə beynəlxalq anlayışları ifadə etmək üçün zəruri terminlər qəbul edilməlidir. Məhz bu balans dilin həm müasirliyini, həm də milli kimliyini qorumağa imkan verir.

