Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evlərinin və ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsinin sakinləri Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə səfər ediblər. “Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil edilən ekskursiyada 30-dan çox 15-18 yaşlı müəssisə sakini iştirak edib.
“Tehsil365” AZƏRTAC-aistinadən xəbər verir ki , tədbirin məqsədi uşaqların peşə maraqlarının müəyyənləşdirilməsi, onların gələcəkdə əmək bazarına inteqrasiyasının asanlaşdırılması və əlilliyi olan şəxslərin cəmiyyətdəki roluna dair düzgün yanaşmanın formalaşdırılmasından ibarət olub.
Ekskursiya zamanı mərkəzin fəaliyyəti, əlilliyi olan şəxslərin reabilitasiya prosesi və məşğulluq imkanları barədə məlumat verilib. Uşaqlar rəssamlıq, bərbərlik, montajçı-operator, dərzilik və digər təlim bölmələri ilə yaxından tanış olublar. Hər bölmədə peşənin mahiyyəti, tələb olunan bacarıqlar və ixtisaslar üzrə karyera imkanlarından bəhs edilib.

