Noyabrın 20-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunan I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir AMEA Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Musiqi və İncəsənət Universiteti, Ərzincan Binəli Yıldırım Universiteti, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin kitabxananın foyesindəki büstü önünə tər güllər düzülüb, dahi liderin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli simpoziumun əsas məqsədinin Türk dünyasının zəngin musiqi folklorunun, xüsusilə balaban, zurna və saz kimi qədim musiqi alətlərinin tarixi köklərinin, mədəni kimlikdəki yerinin və kollektiv yaddaşdakı izlərinin elmi müstəvidə araşdırılması olduğunu bildirib. O, həmçinin zurna-balaban məktəbinin görkəmli nümayəndəsi, Kalvalı Əli Dədə kimi tanınan Əli Kərimovun yaradıcılığına Türk dünyası kontekstində nəzər salınması baxımından simpoziumun elmi əhəmiyyət daşıdığını qeyd edib.
AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər elm ictimaiyyəti qarşısında yeni strateji vəzifələr müəyyənləşdirir. Milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılığın gücləndirilməsi və mədəni irsin cəmiyyətə təqdim olunması istiqamətləri sənət korifeylərinin irsinin elmi əsaslarla öyrənilməsi və yaşadılmasını zəruri edir.

