Bu gün – 21 noyabr, Birləşmiş Millətlər Təşkilatının qərarı ilə Ümumdünya Televiziya Günü kimi qeyd edilir.
"Tehsil365" xəbər verir ki, Televiziya, informasiya mübadiləsində, ictimai maarifləndirmədə və mədəniyyətlərin tanıdılmasında mühüm rol oynayan ən təsirli media vasitələrindən biri olaraq, bu gün xüsusi diqqətlə anılır.
1996-cı ildə BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən, Ümumdünya Televiziya Günü qeyd olunmağa başlanılıb. Məqsəd, televiziya vasitəsilə qlobal problemlərə diqqət çəkmək, dialoq, tolerantlıq və sülh mədəniyyətini təşviq etməkdir.
Televiziya cəmiyyətlərə təkcə xəbər çatdırmaqla kifayətlənmir, həm də təhsil, incəsənət və əyləncə sahəsində müxtəlif məzmunlarla geniş auditoriyanı əhatə edir. İnformasiyanın əlçatanlığını təmin edən bu vasitə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ictimai maarifləndirmənin güclənməsində mühüm rol oynayır.
Bu gün bir çox ölkələrdə televiziya kanalları və media qurumları bu tarixə həsr olunmuş xüsusi proqramlar, verilişlər və tədbirlər təqdim edir. Azərbaycanda da televiziya ictimai rəyin formalaşmasında və milli dəyərlərin təbliğində önəmli bir platformadır.

