Milli Kitabxanada milli musiqimizdə mahnı janrının inkişafında dərin iz qoymuş görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Cavanşir Quliyev – 75” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Tehsil365”Kitabxanadan bildirilib ki, sərgidə bəstəkar Cavanşir Quliyevin musiqi əsərləri, tərtibçi və redaktor olduğu, rəy verdiyi musiqi və incəsənət məktəbləri üçün dərsliklər, monoqrafiyalar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, əsərlərinin əsasında aparılmış elmi tədqiqatlar və s. dövri mətbuat materialları nümayiş olunur.
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. O, Azərbaycanın müstəqilliyini, azadlıq və hərbi ruhunu ifadə edən sözlərə zövqlü musiqilər bəstələyib.
Bəstəkar Cavanşir Quliyev iki operettanın, dörd simfoniyanın, 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir. 300-ə yaxın teatr və televiziya tamaşalarına, 8 bədii və 25 sənədli filmə musiqilər yazıb.

