"Son günlər geniş müzakirələrə səbəb olan təklif edilmiş islahatın əsas mahiyyəti ondan ibarətdir ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin maaşı saathesabı əsasda hesablanmaqla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərə könüllü əsasda ölkə üzrə orta əməkhaqqından iki dəfə çox maaş təklif edilməklə həftədə 30-36 saatlıq tam ştat əsasında da əməkhaqqı hesablansın".
“Tehsil365” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb.
O, müzakirələr zamanı əsas problem kimi bir neçə məqamı xüsusi vurğuladığını söyləyib:
"Əvvəla, ən təəccüb doğuran və məntiqsiz görünən məqam odur ki, təklif olunan fikirlər bir kənarda qalır, cəmiyyət isə məsələyə heç bir aidiyyəti olmayan (və ya mövzudan xəbərsiz) şəxslərin uydurduğu və ya təhrif etdiyi fikirləri müzakirə etməyə başlayır. Məsələn, "müəllimlərin əməkhaqqı sistemi saathesabı sistemdən tam ştatlı sistemə keçməlidir" fikri "müəllimlər axşam saat 6-ya qədər işdə qalacaqlar" fikri kimi təhrif olunur və bütün müzakirələr bu təhrif edilmiş (və bayağı) fikir əsasında aparılır. Buna görə də xahiş edirik ki, təklif nədirsə, onu müzakirə edək, təhrif edilmiş fikirlər Elm və Təhsil Nazirliyinə aid olmadığı üçün müzakirə etməyək.
İkinci məsələ isə müzakirələr zamanı əsas fikri detallardan ayıra bilməməkdir. Əsas fikir yuxarıda qeyd edilib. Əgər bu, yaxşı fikirdirsə və məqbul hesab edilirsə, detalları sonra da müzakirə etmək olar. Məsələn, "bu islahatı etmək üçün infrastruktur yoxdur" və ya "uzaq məsafədən müəllim necə işə gəlib-gedəcək" kimi məqamlar əsas fikir yox, detaldır. Əgər əsas fikir bəyənilirsə, bu halda detalları da müzakirə etmək olar. Yox, əgər əsas fikir səhvdirsə, onda detalları müzakirə etmək mənasızdır".

