Mərkəzi Elmi Kitabxanada 4 milyona yaxın sənədin saxlanmasına imkan verən qapalı və xüsusi şəraitli fondlar var. Bunlardan Azərbaycan dilində ədəbiyyat fondu, Xarici dillərdə ədəbiyyat fondu, Nadir kitablar fondu, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi fondu, Qarabağ müharibəsi qəhrəmanları fondu, İxtisas ədəbiyyatı fondu, Mübadilə fondu və s. qeyd etmək olar. Nadir fondda qorunan ən qədim kitab 1502-ci ilə aid “Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət heptologiya” monoqrafiyasıdır. Hazırda Mərkəzi Elmi Kitabxana 50-dən artıq dildə dünya ədəbiyyatı, tarixi, elmi və incəsənətini özündə əks etdirən 1,5 milyona yaxın sənədin qorunub saxlandığı elmi mərkəzdir.
“Tehsil365” xəbər verir ki, bu sözləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov noyabrın 21-də MEK-in 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
“Mərkəzi Elmi Kitabxananın inkişaf yolu və vəzifələri” mövzusunda çıxış edən Hüseyn Hüseynov bildirib ki, beynəlxalq elmi konfrans 7 ölkənin – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Belarus və Rusiyanın 38 təşkilatının iştirakı ilə gerçəkləşir və ümumilikdə konfransa 94 məqalə təqdim olunub.
100 yaşlı kitabxananın tarixi barədə məlumat verən direktor 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Mərkəzi Şurasının Rəyasət Heyətinin qərarı ilə Kitabxana-biblioqrafiya bürosunun yaradıldığını, kitabxananın ilk direkorunun Hənəfi Zeynallı olduğunu söyləyib. Bildirib ki, fəaliyyətə başlayarkən kitabxananın fondunda 432 nüsxə kitab var idisə, bir il sonra bu say 20 mindən artıq olub.
“Mərkəzi Elmi Kitabxana hər zaman fəaliyyətində dövlət qayğısı ilə əhatə olunub. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə kitabxana işinə olan diqqət və qayğı Mərkəzi Elmi Kitabxananın da işinə müsbət təsir göstərib, kitabxana əlaqələrini bərpa edib, yeni-yeni layihələrin iştirakçısına çevrilib, fondlarını zənginləşdirməkdə davam edib. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyası “Milli” status qazandı. Bu proseslər Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə də öz müsbət təsirini göstərdi”, - deyə Hüseyn Hüseynov vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin də AMEA-nın fəaliyyətinə, bu xüsusda Mərkəzi Elmi Kitabxanaya xüsusi diqqət və qayğısı olub. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına müasir tipli yeni binanın tikilməsi üçün Prezident tərəfindən Sərəncam imzalanıb, 2014-cü ildə Prezidentin iştirakı ilə açılışı olan yeni binası istifadəyə verilib. Mərkəzi Elmi Kitabxana üçün tikilmiş yeni binada beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Binada mövcud olan 14 oxu zalında eyni vaxtda 1000-dən çox oxucuya elektron və ənənəvi xidmət göstərmək mümkündür.
Kitabxana yerləşmə mövqeyinə və memarlıq xüsusiyyətlərinə görə bu gün beynəlxalq səviyyədə qəbul olunmuş yaşıl kitabxana standartlarına uyğun gələn meyarları özündə əks etdirir və bununla bağlı MEK-in əməkdaşları tərəfindən ölkəmizdə ilk dəfə olaraq “Yaşıl kitabxanalar” adlı metodik vəsait də nəşr olunub.
“Onu da qeyd edim ki, 2003-cü ildə kitabxananın nəzdində Aspirantura şöbəsi yaradılıb, burada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə kadr hazırlığı aparılıb, bu iş 2014-cü ilədək davam etdirilib. MEK-də doktoranturanın yenidən yaradılmasını arzulayırıq. AMEA Rəyasət Heyətinin 13 mart 2023-cü il tarixli qərarı ilə Mərkəzi Elmi Kitabxanada yenidən Elmi-Metodiki Şura yaradılıb, “Mərkəzi Elmi Kitabxananın İnformasiya Bülleteni” nəşr olunmağa başlanılıb”, - deyə Hüseyn Hüseynov bildirib.
Direktor diqqətə çatdırıb ki, hazırda Mərkəzi Elmi Kitabxana dünyanın 46 ölkəsinin 130-a yaxın təşkilatı, o cümlədən ölkəmizdəki bir sıra səfirliklərlə, Azərbaycanın xaricdəki səfirlikləri ilə əlaqələr qurub, əməkdaşlıqlar edir.
Bu gün Mərkəzi Elmi Kitabxananın yeniləşən fəaliyyətinin ana xəttini dünyada baş verən kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi təşkil edir. Yeniləşən Akademiya kontekstində bir sıra yeniliklərə imza atan Mərkəzi Elmi Kitabxananın əsas prioriteti də oxucu məmnunluğudur: “Bu yeniliklərdən ilki Mərkəzi Elmi Kitabxananın yeni veb-saytının istifadəyə verilməsidir. Saytın “E-xidmətlər” bölməsində e-kitablar, tammətnli məlumat bazaları, avtoreferatlar, jurnallar, rəqəmsal kitabxanalar, xəritələr və s. bölmələrinə daxil olmaq mümkündür. Oxucular saytdan dünyanın və Azərbaycanın 300-ə yaxın qabaqcıl kitabxanalarına, məlumat bazalarına keçid edə, patent axtarışı həyata keçirə bilərlər. Qeyd edim ki, bu günə qədər e-kitabxana üçün 55000-dən artıq tam mətnli kitab hazırlanıb. 41000-dən artıq kitab sayta yüklənərək oxucuların istifadəsinə verilmişdir. Bu rəqəm 2024-cü ilin aprelinədək 2700 idi. Elektron kataloqda resursların sayı 805 000-ə çatıb. Onu da nəzərinizə çatdıraq ki, bu proseslərin sürətli şəkildə irəliləməsində son 1 ildə alınmış yeni skan aparatlarının işimizə tətbiqi mühüm rol oynayır. Bu dəstək üçün Akademiya rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
MEK-də Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq genişlənmiş və əsaslı “Səsli axtarış” funksiyasının tətbiq edildiyini, süni intellekt əsaslı “Kitabxana bələdçisi”nin yaradılıdığını deyən natiq bundan əlavə, inklüziv xidmət resurslarının hazırlandığını, “Audio resurslar”, “Danışan kitablar”, “Audio teatr” kimi maraq doğuracaq bölmələrin yaradıldığını söyləyib. Həmçinin qeyd edib ki, oxucular 2025-ci ilin sentyabr ayından kitabxanada yerləşdirilmiş infoköşklər vasitəsilə istədikləri resursu müstəqil şəkildə sifariş edirlər.
“Respublikamızın davamlı inkişafının təmin olunmasında müstəsna yeri olan könüllülük hərəkatı da AMEA-da ilk dəfə olaraq MEK-də həyata keçirilib. Artıq üçüncü dəfədir ki, “MEK könüllüləri” layihəsi öz işini uğurla davam etdirir. Gələcəyə baxışımız aydındır: müasir informasiya cəmiyyətinin tələblərinə cavab verən, elm və təhsilin inkişafına töhfə olan, oxucuların ehtiyaclarına çevik və innovativ yanaşmalar sərgiləyən bir kitabxana modeli formalaşdırmaq. Bu yolda atılan hər bir addım, Mərkəzi Elmi Kitabxananın ötən 100 ildəki bütün tarixi inkişaf mərhələlərində olduğu kimi yalnız bugünkü deyil, sabahkı nəsillərin də elmi axtarışlarında etibarlı dayağa çevrilmək missiyasını daşıyır”, - deyə Hüseyn Hüseynov qeyd edib.

