“36-cı Berlin Nağıl Günləri” festivalı çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirilib. Dünyanın ən böyük nağıl festivalı hesab edilən “Berlin Nağıl Günləri” festivalında Azərbaycan artıq üçüncü dəfədir iştirak edir. Bu illər ərzində ümumilikdə 360-dan çox iştirakçıya Azərbaycan tarixi, mədəniyyəti və folkloru haqqında məlumat verilib, Azərbaycan nağılları təqdim olunub.
“Tehsil365” xəbər verir ki, bu il keçirilən görüşdə Berlin məktəblərində təhsil alan 140-a yaxın şagird və onların müəllimləri iştirak ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirin açılışında çıxış edərək festivalın önəmini vurğulayıb.
Sonra Azərbaycan haqqında qısa videoçarx nümayiş olunub.
Görüş çərçivəsində Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli uşaqlar üçün “Nar qızı” adlı Azərbaycan nağılını səsləndirib və musiqi viktorinası təşkil edib. Daha sonra Azərbaycan rəqslərinin ifaçıları Səid və Əzizə İbrahimli tərəfindən milli rəqslər nümayiş etdirilib. Tədbir şagirdlərin və müəllimlərin də iştirakı ilə yallı rəqsi ilə davam edib.
Sonda balaca qonaqlara Azərbaycan şirniyyatları və müxtəlif suvenirlər təqdim olunub.
Festivalın təşkilatçısı “Märchenland” təşkilatının layihə meneceri Anna Povediç çıxış edərək “Berlin Nağıl Günləri”nin əhəmiyyətindən danışıb, Azərbaycan tərəfindən təşkil olunan tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşəkkürünü bildirib.

