17 noyabr 2025-ci il tarixində ədəbiyyat və informatika fənləri üzrə seminarlar keçirilib. Ədəbiyyat fənni üzrə seminarda III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi aparılmış və proqram təsdiq edilib. Seminar iştirakçılarının qeyd və təklifləri nəzərə alınaraq proqramda redaktə xarakterli düzəlişlər edilib.
'“Tehsil365” xəbər verir ki, informatika fənni üzrə seminarda isə I (Rİ altqrupu) ixtisas qrupu üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinə baxılıb. Hər bir tapşırığın məzmununun dərsliklərlə uyğunluğu yoxlanılıb və onların aid olduğu bölmə və mürəkkəblik dərəcəsi müəyyən edilib. Tələblərə uyğun gələn tapşırıqlar qəbul edilib.
18-21 noyabr tarixlərindəki seminarlarda isə kimya fənni üzrə I və IV, fizika fənni üzrə I, rus dili fənni üzrə III, biologiya fənni üzrə IV, tarix fənni üzrə II və III, coğrafiya fənni üzrə II və III (TC altqrupu), riyaziyyat fənni üzrə I ixtisas qrupları üzrə imtahan modellərinə uyğun tapşırıq nümunələrinə baxılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib. Tarix fənni üzrə imtahan modelinə uyğun tapşırıq nümunələrinin seçilməsi prosesi başa çatıb.
Müzakirələrdə təsdiq edilmiş ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları və imtahan modellərinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcəkdir.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Seminarlara DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: fizika fənni üzrə Ağdam rayonu 1 nömrəli tam orta məktəbin müəllimi Ağayeva Vüsalə, Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Əhmədova Vüsalə, biologiya fənni üzrə Bərdə rayonu 5 nömrəli tam orta məktəbinin müəllimi Nəzərəliyeva Arzu, tarix fənni üzrə Gəncə şəhəri M.C. Paşayev adına 39 N-li tam orta məktəbin müəllimi Quliyev Ramin, Goranboy rayonu Borsunlu kənd 2 nömrəli tam orta məktəbin müəllimi Hümbətov Bəhruz, Göyçay rayonu Ulaşlı-Şıxlı kənd tam orta məktəbinin müəllimi Rəhmanova Leyla, coğrafiya fənni üzrə Bərdə rayonu Bəcirəvan kənd tam orta məktəbinin müəllimi Əmiraslanov Ramin, Bərdə rayonu 1 nömrəli məktəbin müəllimi Hüseynova Pərvanə müzakirələrdə aktiv iştirak edib, müzakirə edilən məsələlər baradə öz fikirlərini bildiriblər.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.

