Bu gün, 22 noyabr 2025-ci il, Azərbaycanın görkəmli ədibi, xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadənin anadan olmasının 103-cü ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1922-ci ildə Bakıda dünyaya gələn Hüseyn Abbaszadə Azərbaycan ədəbiyyatında silinməz izlər buraxmış yazıçı, ssenarist və ictimai xadim kimi tanınır. O, 1948-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş, zəngin yaradıcılığı ilə Azərbaycan nəsrinin inkişafında mühüm rol oynamışdır.
Hüseyn Abbaszadənin yaradıcılığı təkcə bədii əsərlərlə deyil, həm də ssenarist fəaliyyəti ilə diqqət çəkir. Onun qələmə aldığı əsərlər həm oxucular, həm də kinosevərlər tərəfindən rəğbətlə qarşılanmış, bir sıra film və tamaşaların əsasını təşkil etmişdir. Ədəbiyyata və sənətə verdiyi töhfələrə görə o, 1979-cu ildə "Azərbaycan SSR Əməkdar incəsənət xadimi", 1984-cü ildə "Azərbaycan Dövlət mükafatı" laureatı, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqının və Ümumittifaq İctimai Həmkarlar İttifaqları Şurasının mükafatları ilə təltif olunmuşdur. 1991-ci ildə isə o, "Azərbaycanın xalq yazıçısı" fəxri adına layiq görülmüşdür.
Hüseyn Abbaszadə 2007-ci ilin 12 dekabrında vəfat etmişdir. Onun yaradıcılığı bu gün də aktuallığını qoruyur, ədəbi irsi ədəbiyyatsevərlər və gənc yazıçılar üçün dəyərli örnək olaraq qalır.
Doğum günü münasibətilə yazıçının xatirəsi böyük hörmət və ehtiramla yad olunur.

