Bu gün, 22 noyabr 2025-ci il, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Məmmədsadıq oğlu Nuriyevin vəfatının 13-cü ildönümüdür.
"Tehsil365" xəbər verir ki, Özünəməxsus aktyorluq üslubu, təbii oyunu və zəngin daxili aləmi ilə yadda qalan sənətkar 2012-ci ildə 61 yaşında dünyasını dəyişmişdir.
1951-ci il sentyabrın 3-də Bakıda anadan olan Yaşar Nuriyev məktəb illərindən sənətə maraq göstərmiş və erkən yaşlarından Azərbaycan Televiziyasında fəaliyyətə başlamışdır. O, "Yelkən", "Buratino", "Qaranquş", "Pioner" kimi məşhur uşaq verilişlərinin sevilən aparıcı və iştirakçılarından biri olmuşdur.
Daha sonralar müxtəlif dram dərnəklərində çıxış edən, 26-lar adına Mədəniyyət Sarayının Xalq teatrında təcrübə qazanan Nuriyev, peşəkar teatr və kinoda öz yerini tez bir zamanda tutmuşdur. Onun istər komik, istərsə də dramatik rollardakı ifası hər zaman tamaşaçı tərəfindən rəğbətlə qarşılanmışdır.
1989-cu ildə "Azərbaycanın Xalq artisti" fəxri adına layiq görülən sənətkar, 1991-ci ildə isə "Azərbaycan Respublikasının Dövlət mükafatı"na layiq görülərək, sənətdəki yüksək xidmətləri bir daha rəsmən təsdiqlənmişdir.
Yaşar Nuriyev təkcə aktyor kimi deyil, həm də rejissor kimi teatr və televiziya sahəsində mühüm işlər görmüşdür. Onun sənət irsi bu gün də gənc aktyorlar üçün məktəb, tamaşaçılar üçün isə xatirələrlə dolu sənət xəzinəsidir.
Sənətsevərlər və teatr ictimaiyyəti onu böyük ehtiramla yad edir. Yaşar Nuriyev — unudulmaz sənətkar kimi Azərbaycan mədəniyyət tarixində daim yaşayacaq.

