Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elmi Şuranın növbəti iclası baş tutub.
“Tehsil365” ADPU-nun məlumatına əsasən xəbər verir ki, tədbiri açan rektor professor Cəfər Cəfərov universitetdə son dövrdə görülən işlər, tədris və elmi fəaliyyət sahəsində yeniliklər, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. O, həmçinin professor-müəllim heyəti və tələbələrin respublika və beynəlxalq səviyyədə qazandığı uğurları vurğulayıb. İclasda yaxın günlərdə keçiriləcək konfrans və tədbirlərə hazırlıq prosesi barədə də məlumat təqdim olunub. Daha sonra rektor elmi ad və dərəcələr almış əməkdaşlara diplomları təqdim edib. Biologiya üzrə fəlsəfə doktoru Şəbnəm Əsədova və Kimya üzrə fəlsəfə doktoru Ülviyyə Abasquliyevaya dosent diplomları verilib.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov 2025-ci ildə tələbə, məzun, professor-müəllim və inzibati heyət arasında keçirilmiş sorğuların nəticələrinə dair təqdimatla çıxış edib. Bildirilib ki, sorğularda iştirak əvvəlki illə müqayisədə xeyli artıb. Tələbələr arasında keçirilən məmnuniyyət sorğusunda iştirak edən 5137 nəfərin 81 faizi müəllimlərin fənni tədris etmə bacarığını yüksək qiymətləndirib. Respondentlərin 73 faizi tədris proqramlarının tələb olunan bilik və bacarıqlara uyğun olduğunu, 70,2 faizi isə müəllimlərin effektiv tədris metodlarından istifadə etdiyini bildirib. Tələbələrin böyük əksəriyyəti kitabxana və yeməkxananın fəaliyyəti, eləcə də İKT və auditoriya infrastrukturundan razı qaldıqlarını qeyd edib. Həmçinin sorğunun açıq suallar bölməsinə verilmiş 9000-dən çox rəyin təhlili təqdim olunub.
İclasda elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov, rektorun müşaviri Ümid Mehdiyev və Elmi katib Nərminə Abdullayeva cari məsələlərlə bağlı təklifləri səsləndiriblər. Dissertasiya mövzularının təsdiqi, doktorantların status dəyişiklikləri, Elmi-metodiki Şuranın yeni tərkibinin müəyyənləşdirilməsi, 2026/2027-ci tədris ili üçün tələbə qəbulu proqnoz planının təsdiqi, dərs vəsaitlərinin nəşrinə icazə verilməsi və digər məsələlər müzakirə olunub.
Sonda müzakirə edilən məsələlər səsə qoyularaq qəbul edilib.

