Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin ilk həmkarlar ittifaqı təşkilatları ilə regional görüşləri davam edir.
“Tehsil365” ETİHİ-nin məlumatına əsasən xəbər verir ki, Şəki-Zaqatala bölgəsi üzrə növbəti görüş bu gün Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunub.
Tədbirdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədrin müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və komitənin məsul əməkdaşları, eləcə də Zaqatala, Qəbələ və Qax rayon komitələrinin tabeliyində fəaliyyət göstərən 278 ilk həmkarlar ittifaqı təşkilatının sədrləri iştirak ediblər.
ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxışında üzv təşkilatlarla bilavasitə dialoqun genişləndirilməsinin, idarəetmədə şəffaf yanaşmanın və maarifləndirici təşəbbüslərin gücləndirilməsinin əsas prioritet olduğunu qeyd edib. Sosial layihələr, hüquqi maarifləndirmə tədbirləri və ilk təşkilatların inkişafı üzrə həyata keçirilən işlərlə bağlı geniş təqdimat təqdim olunub.
Çıxışlarda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sosial ədalətin təmin olunması, üzv təşkilatların fəaliyyətinin dəstəklənməsi və əmək münasibətlərində sabitliyin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər diqqətə çatdırılıb.
İlk təşkilat sədrləri ilə sual-cavab əsasında fikir mübadiləsi aparılıb, səsləndirilən rəy və təkliflər qeydə alınıb.

