M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdən əvvəl Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bəstəkarın yaradıcılığı, Azərbaycan musiqisində yeri və milli-mənəvi dəyərlərin təbliğindəki rolundan bəhs edib.
Konsertdə Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Proqramda Vasif Adıgözəlovun 3 saylı Simfoniyası və monumental “Odlar yurdu” oratoriyası səsləndirilib.
Oratoriyanın ifasında Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), solistlər – Selcan Fermor-Hesketh (soprano), Mahir Tağızadə (bariton) və qiraətçi Elşən Rüstəmov iştirak ediblər.

