Noyabrın 20-də Azərbaycan Dillər Universitetinin Şərq Ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Şəfəq Mustafayevanın təşkilatçılığı ilə Yaponşünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistr tələbələri üçün Yaponiya Qadın Araşdırmaları Assosiasiyasının üzvü, Kyoto Universitetinin gender üzrə tədqiqatçısı Lalə Bağırova tərəfindən “Yapon Qadın Tarixi” adlı seminar keçirilib. Lalə Bağırova Yaponiyada qadınların sosial statusunun tarixi inkişafı, gender rollarının formalaşması və müasir dövrdə qadınların cəmiyyətdəki rolu kimi mövzuları əhatə edən təqdimatını distant formada təqdim edib.
“Tehsil365” bildirir ki, seminarda Yaponiyada qadınların Meici dövründən başlayaraq müasir dövrə qədər keçdiyi sosial-mədəni inkişaf yolu, təhsil imkanlarının dəyişməsi, gender bərabərliyi sahəsində aparılan islahatlar və qadın hərəkatlarının rolu müzakirə olunub.
Tədbirin moderatoru Şəfəq Mustafayeva çıxışında mövzunun həm Yapon qadın tarixi, həm də gender tədqiqatları baxımından aktuallığını vurğulayıb və belə seminarların tələbələrin elmi dünyagörüşünün genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib. Tədbir tələbələr tərəfindən “Müasir Yaponiya feminist dövlətdir?”, “Yaponiyada feminizm nə üçün Avropadan gec, XIX əsrin sonunda yarandı?”, “Ev sistemi patriarxal sistem olmasına baxmayaraq nə üçün məhz Yaponiyaya məxsus hesab olunur?”, “Yaxşı arvad, müdrik ana” təhsil sistemi nə üçün özünü təkzib edir?”, “Geişa mədəniyyəti feminizmlə əlaqəlidir?”, “Yaponiyada qadınların səsvermə hüququ nə zaman və necə qazanılıb?”, “Yaponiyada Beynəlxalq Əməkçi Qadınlar Günü 1923-cü ildən sonra hər il davamlı olaraq qeyd edilir?” kimi sualların səsləndirilməsi və fikir mübadiləsi ilə davam edib.
Sonda isə Şəfəq Mustafayeva Şərq Ölkələri üzrə Regionşünaslıq kafedrasının adından Lalə Bağırovaya Təşəkkürnamə təqdim edib.

