Yunanıstan hökuməti orta məktəblərdə təhsilin rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə yeni AI təlim proqramına start verib. Layihə çərçivəsində ölkə üzrə 20 pilot məktəbdə müəllimlər dərs prosesində süni intellekt alətlərindən səmərəli istifadə qaydalarını öyrənəcəklər.
“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, təlimlərdə pedaqoqlara OpenAI-ın təhsil üçün hazırlanmış xüsusi ChatGPT versiyasından istifadə, dərslərin planlaşdırılması, şagirdlərə fərdiləşdirilmiş dəstək göstərilməsi və AI əsasında yaradıcı tapşırıqların təşkili kimi bacarıqlar aşılanacaq.
Təhsil Nazirliyi bildirib ki, ilkin mərhələdə əldə edilən nəticələr müsbət olarsa, proqram 2026-cı ilin yanvarından başlayaraq bütün ölkə üzrə məktəblərdə tətbiq ediləcək. Rəsmi açıqlamaya görə, bu təşəbbüs Yunanıstanın təhsil sistemini müasir texnoloji trendlərə uyğunlaşdırmaq və müəllimlərin rəqəmsal bacarıqlarını gücləndirmək məqsədi daşıyır.
Proqramın ölkə üzrə genişləndirilməsi Yunanıstanın təhsil sektorunda süni intellektin tətbiqinə dair ən böyük addımlardan biri kimi qiymətləndirilir.

