Bu gün, 23 noyabr, Azərbaycan teatr və kino sənətinin parlaq simalarından biri, xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki,
O, 1920-ci il yanvarın 8-də Bakıda anadan olmuş və 1999-cu ilin bu günü – noyabrın 23-də dünyasını dəyişmişdir.
Leyla Bədirbəyli Azərbaycanın mədəni həyatında özünəməxsus yeri olan sənətkarlardandır. 1937–1942-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında solist kimi fəaliyyət göstərən sənətkar, 1942-ci ildən etibarən uzun illər Azərbaycan Akademik Dövlət Dram Teatrında çalışmış, səhnəmizdə çoxsaylı yaddaqalan obrazlar yaratmışdır.
Leyla Bədirbəylinin kino sahəsindəki fəaliyyəti də xüsusilə diqqətəlayiqdir. O, “Arşın mal alan”, “Bəxtiyar”, “O olmasın, bu olsun” kimi klassik Azərbaycan filmlərindəki rolları ilə tamaşaçıların qəlbində silinməz iz buraxmışdır.
Yüksək sənətkarlığına görə Leyla Bədirbəyli 1959-cu ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülmüş, SSRİ Dövlət Mükafatı (1946) və Azərbaycan SSR Dövlət Mükafatı (1972) ilə təltif edilmişdir.
Leyla Bədirbəylinin sənəti, onun yaratdığı obrazlar və milli teatr və kinomuza verdiyi töhfələr daim ehtiramla yad ediləcək. Allah rəhmət eləsin.

