Texas A&M Universitetində daxili komitə bu ilin əvvəlində baş vermiş mübahisəli hadisəyə dair araşdırmanın nəticəsini açıqlayıb.
"Tehsil365" xəbər verir ki,
Komitə, ingilis dili kafedrasının baş müəllimi Melissa Makkoulun vəzifəsindən uzaqlaşdırılmasının səhv olduğunu bildirib.
Hadisə, Makkoulun uşaq ədəbiyyatı dərsində gender kimliyi ilə bağlı mövzuya yer verməsinə tələbənin etirazı və bunun videoya çəkilərək yayılması ilə başlamışdı. Video yayıldıqdan sonra Texas ştatının qubernatoru Greg Abbott və digər respublikaçı qanunvericilər professorun dərhal işdən uzaqlaşdırılmasını tələb etmişdilər.
Komitənin araşdırmasına görə, universitet Makkoulun işdən çıxarılması zamanı lazımi prosedurlara əməl etməyib və bu qərarın əsaslandırılması üçün kifayət qədər sübut təqdim olunmayıb. Makkoulun 10 ildən artıq təcrübəyə malik bir təhsilçi olduğu qeyd olunaraq, onun dərhal işdən çıxarılmasının əsassız olduğu vurğulanıb.
Komitə yekdilliklə "Dr. Makkoulun qısa müddətdə və prosedurdan kənar şəkildə işdən çıxarılması əsaslandırılmayıb" qənaətinə gəlib. Universitetin müvəqqəti prezidenti Tommy Williams bu tövsiyəni aldığını və yaxın günlərdə qərar verəcəyini bildirib.
Hadisə akademik azadlıq, ifadə azadlığı və siyasi təzyiqlər məsələsində ali təhsil müəssisələrində gedən müzakirələri yenidən gündəmə gətirib.

