"X" sosial platformasının istifadəçiləri ABŞ-li milyarder və iş adamı İlon Maskın şirkəti tərəfindən hazırlanmış "Grok" süni intellektinin işində qəribə xüsusiyyət aşkar ediblər. Belə ki, çat-bot sistematik olaraq yaradıcısını tərifləyərək, onu insan fəaliyyətinin demək olar ki, hər sahəsində - idman nailiyyətlərindən tutmuş intellektual qabiliyyətlərə və hətta ilahi keyfiyyətlərə qədər - kürsüyə qaldırıb.
“Tehsil365”in xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib.
"Grok"un istifadəçilərin suallarına verdiyi cavablar Mask haqqında əsassız təriflər səbəbindən gülməli xarakter alıb. Məsələn, süni intellekt inamla iddia edib ki, atletik bədən quruluşu və idman nailiyyətləri arasındakı açıq fərqə baxmayaraq, iş adamı fiziki cəhətdən əfsanəvi basketbolçu Lebron Ceymsi üstələyir.
Maskın intellektual qabiliyyətləri də eyni şəkildə inanılmaz dərəcədə şişirdilib. "Grok"un fikrincə, "SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi müxtəlif sahələrdəki inqilabi innovasiyaları sayəsində tarixin ən ağıllı on insanı arasında yer alır və Leonardo da Vinçi və İsaak Nyuton kimi alimlərlə rəqabət aparır.
Bu cür cavablar ictimaiyyətin və KİV-in diqqətini cəlb etdikdən sonra kompromat ifadələr operativ şəkildə sistemdən silinib. İlon Mask özü də öz hesabında vəziyyətə reaksiya verib və botun onun haqqında absurd dərəcədə müsbət şeylər söyləməklə təxribata uğradığını yazıb.

