M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr dünya musiqisinin görkəmli bəstəkarlarından biri olan Sergey Raxmaninovun yaradıcılığına həsr olunmuş unudulmaz musiqi gecəsi keçirilib.
“Tehsil365”xəbər verir ki,Filarmoniyadan bildirilib ki, konsert proqramında bəstəkarın fortepiano üçün yazdığı ən məşhur əsərləri səsləndirilib.
Gecə boyunca müxtəlif dövrlərə aid prelüd, etüd-şəkil, musiqi anı, elegiya və variasiyalar dinləyicilərə təqdim olunub. Proqramın zəngin repertuarı Raxmaninov musiqisinin lirizm, dramatizm və virtuozluq kimi əsas xüsusiyyətlərini bir daha üzə çıxarıb.
Tədbirdə istedadlı pianoçular Aynur Abdullayeva, Fəqan Həsənli, Aysel Hacızadə, Firuzə Nəcəfli-Qədimalıyeva və Nərgiz Kəngərlinin ifasında bəstəkarın müxtəlif əsərləri böyük ustalıqla təqdim olunub. Xüsusilə “Korelli mövzusunda variasiyalar”, op.42 və “Altı pyes” silsiləsindən “Barkarolla və Skertso” kimi mürəkkəb kompozisiyalar dinləyicilər tərəfindən xüsusi maraqla qarşılanıb.
Konsert boyu Raxmaninovun musiqisindəki dərin hislər, emosional gərginlik və romantik ovqat auditoriyaya musiqi vasitəsilə unikal bir səyahət yaşadıb.

