Milli Kitabxanada biblioqrafiyaşünas-alim Sima İsmayılovanın həyat və fəaliyyətinə həsr olunmuş “Biblioqrafiyaşünas-alim Sima İsmayılova” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Tehsil365” xəbər verir ki, sərgidə biblioqrafiyaşünas-alimin müəllifi olduğu dərs vəsaitləri, elmi araşdırmaları, rəy verdiyi kitablar, eləcə də elmi məcmuələrdə dərc olunan məqalələri nümayiş olunur.
BDU-nun Sənəd menecmenti kafedrasının dosenti, biblioqrafiyaşünas-alim Sima İsmayılova 1955-ci il noyabrın 23-də Qazax rayonunda anadan olub. 1972-ci ildə Sumqayıt şəhər 17 nömrəli məktəbi bitirib, 1973-1978-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində təhsil alıb.
2012-ci ildə "Azərbaycanda ədəbiyyatşünaslıq sahəsində mütəxəssislərin biblioqrafik informasiya təminatı sisteminin vəziyyəti və təkmilləşdirilməsi yolları (1965-2000-ci illər) dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
50-dən artıq elmi əsərin, o cümlədən "Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq üzrə sənəd kütləsi biblioqrafiyalaşdırma obyekti kimi", "Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq biblioqrafiyası", "Ədəbiyyatşünaslıq biblioqrafiyasının müasir vəziyyəti və perspektivləri", "Ədəbiyyatşünaslıq biblioqrafiyasının soraq-məlumat nəşrləri", "Mirzə Fətəli Axundzadə - 200": Biblioqrafik göstərici və s. monoqrafiya, dərs vəsaiti, fənn proqramı, metodik vəsait, tezis və məqalələrin müəllifidir.

