Müasir əmək bazarında yüksək temp, rəqəmsal yük və fasiləsiz iş rejimi insanların psixoloji sağlamlığına ciddi təsir göstərir. Artıq bir çox çalışan şəxslər günün sonunda yalnız fiziki deyil, həm də emosional olaraq tükəndiyini bildirir.
“Tehsil365” bu vəziyyətin səbəblərini və tükənmişlik sindromunun niyə sürətlə artdığını araşdırıb.
Araşdırmaya əsasən, uzun iş saatları, davamlı hədəflər və dayanmayan stress beyində davamlı gərginlik yaradır. Bu isə tədricən insanın motivasiyasını azaldır və nəticədə psixoloji tükənmə qaçılmaz olur. Xüsusilə ofis işlərində çalışanlar, xidmət sektorunda fəaliyyət göstərənlər və məsuliyyət yükü yüksək olan vəzifə sahiblərində burnout riski daha yüksəkdir.
Tükənmişlik yaşayan şəxslərdə:
diqqət və yaddaş zəifləyir,
işdən uzaqlaşma və soyuma başlayır,
əsəbilik, yuxusuzluq və ünsiyyət çətinliyi yaranır,
məhsuldarlıq nəzərəçarpacaq dərəcədə aşağı düşür.
Araşdırmalar göstərir ki, psixoloji yorğunluğun əsas səbəbi yalnız iş yükü deyil. İnsanların çoxu iş saatından kənarda da beyinlərini dincəltmir, sosial şəbəkələr, telefon bildirişləri və iş mesajları istirahət prosesini pozur. Nəticədə beyin “dayanmadan işləyən rejimə” keçir və bərpa olunmağa vaxt tapmır.
Mütəxəssislər bildirir ki, tükənmişliyin qarşısını almağın ən effektiv yolu iş–həyat balansını saxlamaq, gün ərzində qısa fasilələr vermək, istirahət rejiminə əməl etmək və işdən kənar vaxtı real olaraq beynin dincəlməsinə həsr etməkdir.

