Bu il Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Şərəf” ordenli nasir, tərcüməçi, Xalq şairi Vahid Əzizin 80 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası və videomaterial hazırlanıb.
“Tehsil365” xəbər verir ki, elektron məlumat bazasında akademik Nizami Cəfərovun “Vahid Əzizin vətən nəğmələri” və filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayevin “Vahid Əzizin poeziya dünyasına daha bir nəzər” adlı məqalələrin tam mətni, bir sıra görkəmli şəxslərin şair haqqında söylədikləri dəyərli fikirlər, Vahid Əzizin müəllifi, naşiri və məsləhətçisi olduğu, redaktə etdiyi, “Ön söz” yazdığı kitabların, dövri mətbuat məqalələrinin siyahısı təqdim edilir. Kitabxananın rəsmi saytında yerləşdirilən bazada “Rəsmi sənədlər”, “Vahid Əzizin hikmətli fikirləri”, “Virtual sərgi”, “Video və fotoqalereya” kimi bölmələr də yer alır.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda Vahid Əzizin bədii yaradıcılığında xüsusi yer tutan əsərləri, fəaliyyət sahələri, layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda şairin sözlərinə bəstələnmiş mahnılar, tərcümə etdiyi əsərlər haqqında məlumatlar yer alır. Videomaterialda Vahid Əzizin öz ifasında səsləndirdiyi şeirlər təqdim edilir.
Vahid Əzizin 80 illik yubileyi ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

