Azərbaycan Dillər Universitetində (ADU) “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər” adlı beynəlxalq elmi konfrans keçirilib.
“Tehsil365” bildirir ki, keçirilən konfrans çərçivəsində AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev fikirlərini bölüşüb:
“Süni intellekt həyatımızın bütün sahələrini əhatə edir. Gələcəkdə də yeni sivilizasiyanın kökü və ürəyi süni intellekt olacaqdır. Bu, Lütfi Zadənin arzusudur. Onu da qeyd edim ki, süni intellekt ideyasının müəllifi və onun haqqında ilk dəfə elmi əsər yazan professor Lütfi Zadə olmuşdur. O, 1950-ci ildə yazdığı ‘Düşünən maşınlar’ adlı məqaləsi ilə süni intellekt sahəsinin əsasını qoymuşdur. Süni intellektin tərifi də belədir: qlobal süni intellekt bərabərdir ‘düşünən maşınlar’. Bu ifadə həmin elmi məqalədən götürülüb.
Onun bir arzusu da var idi. Deyirdi ki, mən süni intellekti və qeyri-səlis məntiqi texniki sistemlər üçün yaratmamışam. Məsələn, yaponlar sürücüsüz qatar yaratdılar, bir çox məhsullar istehsal etdilər və onların iqtisadi yüksəlişi qeyri-səlis məntiqin, süni intellektin üzərində quruldu. Amma Lütfi Zadənin arzusu başqa idi – o, qeyri-səlis məntiqin daha çox humanitar elmlərdə tətbiq olunmasını istəyirdi. Çünki o sahələrdə ki, riyazi strukturlaşdırma mümkün deyil və informasiya təbii dildə verilir, həmin sahələrdə qeyri-səlis məntiq xüsusi əhəmiyyət daşıyır. Onun nəzəriyyələrindən biri də ‘sözlərlə hesablamadır’. Bu baxımdan humanitar elmlərə geniş tətbiq olunmalıdır.
Bizim Kamal müəllimlə birlikdə yazdığımız kitabda və ‘International Azerbaijan Journal’dakı müsahibəmizdə də o deyirdi ki, mən bunu əsasən humanitar elmlərdə görmək istəyirdim. Düşünürəm ki, süni intellektin humanitar elmlərdə tətbiqi bu universitetdə Kamal Abdullanın rəhbərliyi ilə başlayıb. O, həmçinin dünyaca məşhur bir elm adamıdır. Bunun davamını da bu gün konfransda gördüm. Bütün təşkilatçılara minnətdarlığımı bildirirəm.
Mənim bildiyimə görə, yaxınlarda daha üç konfransımız olacaq. Amma bugünkü beynəlxalq konfrans humanitar elmlərdə süni intellektin tətbiqinə aid ilk tədbirlərdən biridir. Düşünürəm ki, bu konfrans davamlı olacaq və getdikcə inkişaf edəcək. Elm və təhsilin inkişafı üçün çox önəmlidir. Uğurlar arzulayıram. Bu universitet bu sahədə pioner olub və pioner olaraq da qalacaqdır.
Hətta Kamal müəllimlə belə bir söhbətimiz də olub ki, universitetdə süni intellekt mərkəzi və qeyri-səlis məntiq mərkəzi yaradılacaqdır. Bu sahədə bütün kollektivə və Kamal müəllimə uğurlar arzulayıram.”

