Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının ikinci il magistrları ilə “Tədqiqat etikası və elmi məsuliyyət” mövzusunda dəyirmi masa olub. Tədbiri kafedranın müdiri, dosent Vüsalə Ağabəyli açaraq magistr hazırlığında elmi etikanın xüsusi əhəmiyyətini vurğulayıb, müasir tədqiqat prosesində intellektual dürüstlük, mənbələrlə işləmə mədəniyyəti və akademik məsuliyyətin başlıca prinsipləri barədə məlumat verib.
“Tehsil365” bildirir ki, dosent Vüsalə Ağabəyli həmçinin elmi fəaliyyətin bütün mərhələlərində– mövzunun seçilməsi, məlumatların toplanması, təhlilin aparılması və nəticələrin təqdimatında etik normalara əməl etməyin vacibliyini diqqətə çatdırıb.
Daha sonra kafedranın professoru Könül Abdurəhmanova çıxış edərək beynəlxalq elmi standartlar, plagiatın qarşısının alınması yolları və tədqiqatçı davranış kodeksinin əsas tələbləri haqqında danışıb, professor Kəmalə Cəfərova isə magistrların gələcək elmi fəaliyyətində şəffaflıq və obyektivliyin əsas meyarlar olduğunu xüsusi ilə qeyd edib.
Dəyirmi masa zamanı kafedra əməkdaşları mövzu ətrafında fikirlərini bölüşüb, elmi əsərlərin ərsəyə gəlmə prosesində müəllif məsuliyyəti, ideya müəllifliyi, akademik dürüstlük və əməkdaşlıq mədəniyyətinin əhəmiyyəti barədə mühüm məqamları diqqətə çatdırıblar.
Tədbir magistrlarla interaktiv müzakirə şəklində davam edib.
Dəyirmi masa elmi fəaliyyətin bütün mərhələlərində etik prinsiplərə əməl etməyin gənc tədqiqatçıların inkişafında mühüm rol oynadığı fikri ilə yekunlaşıb.

