Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq şöbəsi və İngilis və fransız dilləri fakültəsinin İngilis dilinin tədrisi metodikası kafedrasının birgə təşəbbüsü ilə İspaniyanın Alcalá Universitetindən dəvət olunmuş professor Dr. Jesús García Labordanın seminarı keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti iştirak edib.
“Tehsil365” bildirir ki, seminar “Assessment (qiymətləndirmə)” mövzusuna həsr olunub. Dr. Jesús García Laborda tədris prosesində tələbə və şagirdlərin bilik, bacarıq və kompetensiyalarını ölçmək, eləcə də onların inkişaf səviyyəsini müəyyənləşdirmək üçün tətbiq olunan qiymətləndirmə prosesindən bəhs edib. O, Assessment-in əsas məqsədinin yalnız yekun nəticəni yoxlamaqdan ibarət olmadığını, həm də öyrənmə prosesini izləmək, çatışmazlıqları müəyyənləşdirmək və tədrisi daha səmərəli təşkil etmək üçün mühüm vasitə olduğunu vurğulayıb.
Seminar zamanı Assessment-in növləri və məqsədləri ilə bağlı təqdimatlar nümayiş etdirilib, mövzu ətrafında müəllimlərlə interaktiv müzakirələr aparılıb.

