Bakı Dövlət Universitetində (BDU) “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025” layihəsi çərçivəsində keçiriləcək simulyasiya konfransının hazırlıq sessiyası keçirilib.
BDU-dan “Tehsil365"ə bildirilib ki, sessiya zamanı öncəki illərin layihə məzunları “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin onların karyera inkişafında oynadığı roldan danışıb, əldə etdikləri təcrübələri bölüşüb, builki layihə iştirakçılarının suallarını cavablandırıblar.
Sessiyanın davamında layihə çərçivəsində dekabr ayında keçiriləcək “İƏT Xarici İşlər Nazirləri Konfransı”nın simulyasiya modeli üçün üzv ölkə nümayəndələrinin seçilməsi məqsədilə püşkatma təşkil olunub. Eyni zamanda, simulyasiyanın proqramı müəyyənləşdirilib.
Qeyd edək ki, 6 həftə ərzində davam edən “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsi çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərləri, eləcə də azərbaycanlı rəsmilər və sahə üzrə ekspertlər beynəlxalq münasibətlər, dövlət quruculuğu, İslam sivilizasiyası, İƏT-in dünyada rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzular üzrə məruzələrlə çıxış ediblər.
Bu layihədə iştirak etmək üçün ölkənin 15-dən artıq aparıcı ali təhsil müəssisəsini təmsil edən 600-dən çox gənc müraciət edib. Müraciət edənlər arasından mövzu üzrə bilikləri və xarici dil bacarıqları ilə seçilən 100 gənc layihədə iştirak etmək hüququ qazanıb.
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə İƏT-ə üzv olan 40-dan artıq ölkə nümayəndəsinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı layiqincə təmsil ediblər.

