2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycan Respublikasının suverenliyinə rəsmi olaraq qaytarıldı.
"Tehsil365" xəbər verir ki, Bu hadisə, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən baş tutdu.
Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu və 27 il ərzində nəzarətsiz qalmışdı. 2020-ci ilin payızında Azərbaycan Ordusunun Qarabağda apardığı uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu bəyanata əsasən, Kəlbəcərlə yanaşı, Ağdam və Laçın rayonları da bir güllə atılmadan Azərbaycana qaytarıldı.
Kəlbəcərin azad olunması ölkənin ərazi bütövlüyünün bərpasında mühüm mərhələ, xalq üçün isə tarixi ədalətin zəfəri kimi yadda qaldı. Rayonun təbiəti, zəngin su ehtiyatları və mədəni irsi işğal dövründə ciddi zərər görsə də, azadlıqdan sonra sürətli bərpa işlərinə start verildi.

