19-21 noyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində MDB-yə üzv dövlətlərin gəncləri arasında “MDB üçün 100 ideya” adlı beynəlxalq layihələr müsabiqəsi keçirilib.
“Tehsil365” xəbər verir ki, müsabiqəyə 8 MDB ölkəsindən “İT sahəsi”, “Tibb və səhiyyə”, “Təhsil”, “Təbii ehtiyatlardan rasional istifadə” və “Sosial sahə” nominasiyaları üzrə 50 iş təqdim olunub, onlardan 12 layihə ən yaxşı işlər sırasında yer alıb.
Tədbirdə ölkəmiz 9 məktəblinin və bir dərnək rəhbərinin müəllifi olduğu 9 layihə ilə təmsil olunub.
Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Ömər Eyvazlı və Murad Qasımov tərəfindən hazırlanan layihə “İT sahəsi”, ADA Məktəbinin şagirdi Banu İbrahimovanın layihəsi “Təbii ehtiyatlardan rasional istifadə” kateqoriyasında qalib olub.
Qeyd edək ki, “MDB üçün 100 ideya” proqramı 2014-cü ildən təşkil olunur. Proqramın keçirilməsində məqsəd MDB ölkələrinin gəncləri arasında innovativ fəaliyyətin inkişafına dəstək vermək, gənclərin innovativ təşəbbüslərini dəstəkləmək və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

