“Bu il 5 000-dən çox uşağın dövlət dəstəyi ilə özəl müəssisələrdə məktəbəqədər təhsilə cəlb olunmasını təmin edə bilərik”.
“Tehsil365”xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva Təhsil TV-də yayımlanan “Təhsildəyik” podkastında məlumat verib.
O bildirib ki, bu il layihənin coğrafiyası olduqca genişlənib: “Ötən il biz 24 bağçaya qrant ayırmışdıq və bunun nəticəsində təxminən 1 300 uşağın məktəbəqədər təhsilə cəlb olunması mümkün olmuşdu. Ancaq bu il imkanlarımız daha genişdir. Azərbaycan bölməsində təhsil alan 5 000-dən çox uşağın məktəbə qədər təhsilə cəlb olunmasını təmin edə bilərik.
Bu il ötən illə müqayisədə regionlarda da olan özəl bağçaların bu prosesə müraciət etdiyini görürük. Məsələn, Bakı ilə yanaşı, Sumqayıt, Abşeron, Xaçmaz, Lənkəran, Biləsuvar, Şirvan və digər regionlardan bağçalar iştirak edir.
Bu il isə ən azı coğrafiyamızı iki dəfə genişləndirmişik. 63 bağçanın 13-ü regionların payına düşür”, – deyə o bildirib.

